Cinayət və yarımçıq cəza | Ədalət Verdiyevin yazısı

// Xocalı soyqırımını törədənlərin heç biri cəzasız qalmalı deyil

   Cinayət və yarımçıq cəza    | Ədalət Verdiyevin yazısı
  26 Fevral 2023    Oxunub:2118
31 il əvvəl işğalçı Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ağlasığmaz qəddarlığı ilə insanlıq tarixinə qara hərflərlə yazılan vəhşilik nümunəsidir. Bu, həm də bəşəriyyətə qarşı törədilən soyqırım tərkibli cinayət faktıdır. Ermənistan Azərbaycana qarşı apardığı müharibənin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çox cinayətlər törədib, amma Xocalı soyqırımı onların ən dəhşətlisidir.
Erməni silahlıları 1992-ci ildə Azərbaycanda siyasi xaosun olmasından faydalanıb Xocalı rayonunu işğal etməklə strateji üstünlüyə malik olmaq və digər ərazilərinin ələ keçirilməsi məqsədini güdürdülər. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaqdan ibarət idi.

Mülki hava limanının yerləşdiyi Xocalının ələ keçirilməsi Ermənistana Qarabağın qalan şəhərlərini işğal etmək üçün geniş imkanlar yaradırdı. Təəssüflər olsun ki, o zaman respublikaya rəhbərlik edənlər düşmənin sadə niyyətlərinin və asanlıqla ehtimal oluna biləcək fəaliyyətlərinin qarşısını ala bilmədilər.

Ermənistan Xocalıdan əvvəl bənzər soyqırımları Qazax rayonunun Bağanis Ayrım kəndində, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı da törədiblər. Adı çəkilən yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı.

Bu soyqırımında erməni silahlıları ilə bərabər, Rusiya Müdafiə Nazirliyinin Xankəndidə yerləşən və çoxlu erməninin xidmət etdiyi 366-cı alayı da iştirak edib. Bu alay həm Şuşanın, Xocalının və digər Azərbaycan ərazilərinin atəşə tutulmasında, həm də torpaqlarımızın işğal və talan olunmasında dəfələrlə iştirak edib.

Xocalı soyqırımı və ondan sonra törədilən digər cinayətlər, o cümlədən, Vətən Müharibəsi zamanı əməliyyatlar zonasından on kilometrlərlə uzaqda yerləşən və mülki əhalinin yaşadığı şəhər, rayon, kəndlərimizə raket zərbələrinin endirilməsi, ərazilərimizin müharibədən sonra da minalanmaqda davam etməsi, Ermənistanın beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyasına, İnsan Haqları Bəyannaməsinə, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazişə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoymadığını sübut edir. Başqa sözlə desək, Ermənistan 31 il əvvəl törətdiyi Xocalı soyqırımını başqa formada davam etdirir.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Xocalı cinayətlərini törədənlərin bir qismi hələ də cəzasız qalırlar. Bir qisminin cəzasını isə Vətən Müharibəsi zamanı Azərbaycan Əsgəri layiqincə verdi. Noyabrın 7-də Ordumuz Xocalının Qarabulaq, Moşxmaat kəndləri, noyabrın 9-da isə Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndlərini düşmən işğalından azad etməklə ən dərin yaramıza məlhəm oldu.

Lakin hələ də rayonun mərkəzi, 2 qəsəbəsi və 41 kəndi rus kontingentinin müvəqqəti nəzarəti altındadır. Erməni silahlıları hələ də ərazidə görünür. İnanırıq ki, 2023-cü il həm Xocalı qatillərinin cəzalanmasını, həm də qalib xalqımızın Xocalıya və digər ərazilərimizə qayıdışını bir qədər də yaxınlaşdıracaq.

Xocalı soyqırımını törədənlərin heç biri cəzasız qalmalı deyil!

Ədalət Verdiyev,
hərbi ekspert
AzVision.az



Teqlər: Xocalı  





Xəbər lenti